Azərbaycan Respublikası Konstitusiyasından çıxarış

Maddə 38. Sosial təminat hüququ
I Hər kəsin sosial təminat hüququ vardır.
II Yardıma möhtac olanlara kömək etmək, ilk növbədə, onların ailə üzvlərinin borcudur.
III Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
IV Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.
V Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır.

Azərbaycan Respublikası Əmək Məcəlləsindən çıxarış

XII bölmə
İşçİlərİn sosİal sığortası
Qırx altıncı fəsil: İşçilərin sosial sığorta olunmasının tənzimlənməsi
Maddə 304. İşçilərin sosial sığorta olunması
1. Sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin - əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

2. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar hökmən göstərilməlidir.

Maddə 305. Sosial sığortanın kollektiv müqavilələrlə tənzimlənməsi

Kollektiv müqavilələrdə müəssisənin əmək kollektivinin üzvlərinin qanunvericilikdə nəzərdə tutulan sığortalanma şərtlərindən daha üstün sosial sığorta olunmasının əlavə formaları, qaydaları, sığorta məbləğləri, sığorta mənbələri müəyyən edilə bilər.

Maddə 306. İşçilərin sosial sığorta formaları

1. İşçilərin sosial sığortası məcburi dövlət sığortası, onların özləri tərəfindən könüllü sığortalanması və işəgötürən tərəfindən aparılan əlavə sığorta formalarında həyata keçirilir.

2. İşçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır.

3. İşçilər öz vəsaitləri hesabına müəyyən olunmuş qaydada sosial sığorta müqavilələri əsasında könüllü sığorta oluna bilərlər.

4. İşəgötürənlər, həmçinin onların birlikləri işçilərin mənafelərinin təmin olunması və əmək funksiyasının yüksək səviyyədə yerinə yetirilməsinə maraqlarının artırılması, onların və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə əmək kollektivini və ya onun ayrı-ayrı üzvlərini qanunvericilikdə nəzərdə tutulmuş sığorta formalarından daha üstün sosial sığorta olunmasını həyata keçirə bilərlər.

Maddə 307. İşçilərin sosial sığorta münasibətlərinin tənzimlənməsi

1. İşçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, məcburi dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər bu Məcəllə ilə, «Sosial sığorta haqqında» Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının qanunları və onların əsasında qəbul edilmiş başqa normativ hüquqi aktlarla tənzimlənir.
2. Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisələrdə əmək müqaviləsi bağlayaraq çalışan əcnəbilər, vətəndaşlığı olmayan şəxslər sığorta olunması üçün müvafiq haqq ödəməklə bu Məcəllə ilə müəyyən olunmuş şərtlərlə və qaydada sosial sığorta olunmaq hüququna malikdirlər.

3. Sığorta olunmuş işçiyə qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş sığorta şəhadətnaməsi (polisi) və dövlət sosial sığorta şəhadətnaməsi verilir.
4. İşçilərin sosial sığorta hüquqlarını məhdudlaşdıran və ya pozan hər hansı fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyətə cəlb olunur.

Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. 

Maddə 1. Əsas anlayışlar

1.0. Bu qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.0.1. sosial müavinətlər (bundan sonra müavinətlər) - bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti;
1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları.

Maddə 2. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu qanunda müəyyən edilmiş qaydalardan fərqli qaydalar olduqda, beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydalar tətbiq edilir.
2.3. Bu qanunla nəzərdə tutulmamış bəzi kateqoriya şəxslərə verilən digər sosial müavinətlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
Maddə 3. Müavinət almaq hüququ olan şəxslər
3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.
3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.

Maddə 4. Müavinətlərin növləri

4.0. Bu qanunla aşağıdakı müavinətlər təyin edilir:
4.0.1. aylıq müavinətlər;
4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət;
4.0.1.2. yaşa görə müavinət;
4.0.1.3. əlilliyə görə müavinət;
4.0.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;
4.0.1.5. ailə başçısını itirməyə görə müavinət;
4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;
4.0.1.7. üç yaşınadək uşağa qulluğa görə müavinət;
4.0.1.8. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət;
4.0.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət:
4.0.1.10. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət.
4.0.2. Birdəfəlik müavinətlər:
4.0.2.1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət:
4.0.2.2. uşağın anadan olmasına görə müavinət:
4.0.2.3. dəfn üçün müavinət.

Maddə 5. Müavinət seçmək hüququ

Bu qanunun 4.0.1.1 - 4.0.1.6-cı maddələrində nəzərdə tutulan aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər.

Maddə 6. Müavinətlərin maliyyə mənbəyi

6.1. Bu qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlər (bu qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
6.2. «Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunanlara üç yaşınadək uşağa qulluğa, uşağın anadan olmasına görə və dəfn üçün müavinətlər məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənilir.

Maddə 7. Müavinətlərin təyin olunması şərtləri

7.0. Müavinətlər aşağıdakı hallarda təyin edilir:
7.0.1. dövlət qulluqçularına ömürlük müavinət «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda;
7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə;
7.0.3. əlilliyə görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda:
7.0.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət-müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda;
7.0.5. ailə başçısını itirməyə görə müavinət;
7.0.5.1. əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda;
7.0.5.2. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə:
7.0.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda;
7.0.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət - 3 yaşınadək uşağa qulluq göstərən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdə olduqda;
7.0.8. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət bəzi kateqoriya şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən onu almaq hüququ müəyyən edildikdə;
7.0.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda;
7.0.10. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - ailənin «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım almaq hüququ olduqda;
7.0.11. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət-şəxsin radiasiya qəzası nəticəsində əlil olduğunu və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən müvafiq icra hakimiyyəti orqanının arayışı təqdim edildikdə;
7.0.12. uşağın anadan olmasına görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim edildikdə;
7.0.13. dəfn üçün müavinət - bu qanunun 4.0.1.1 - 4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlərdən biri təyin edilmiş şəxs vəfat etdikdə.

Maddə 8. Müavinətlərin məbləği

Müavinətlərin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və ildə bir dəfədən az olmamaq şərti ilə indeksləşdirilir.

Maddə 9. Müavinətlərin təyin edilməsi müddəti

9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir:
9.1.1. dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət - ömürlük;
9.1.2. əlilliyə görə müavinət - əlillik müddətinə;
9.1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət-18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə;
9.1.4. ailə başçısını itirməyə görə müavinət;
9.1.4.1. vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla);
9.1.4.2. vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına-əlillik müddətinə;
9.1.4.3. vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək;
9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək;
9.1.6. üç yaşınadək uşağa qulluğa görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətə çıxdığı gündən məzuniyyət müddətinə;
9.1.7. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət;
9.1.7.1. uşağın 16 yaşı tamam olan ayın sonunadək;
9.1.7.2. ümumtəhsil məktəblərində əyani təhsil alanlara - 18 yaşı tamam olan ayın sonunadək (təhsil müddətindən çox olmamaqla);
9.1.8. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə;
9.1.9. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - uşağın bir yaşı tamam olan ayın sonunadək.
9.2. Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət müraciət edilən aydan sonrakı ayın 1-dən ildə bir dəfə ödənilməklə əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir.
9.3. Uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinətlər müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.

Maddə 10. Müavinətlərin təyin edilməsi və ödənilməsi qaydaları

10.1. Müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir.
10.2. Bu qanunun 7.0.12-ci, 9.1.4.1-ci, 9.1.4.2-ci, 9.1.6-cı, 9.1.7-ci və 9.1.9-cu maddələrində nəzərdə tutulmuş müavinətlər hər bir uşaq üçün təyin edilir.
10.3. Müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur.
10.4. Müavinət təyinatı barədə qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müraciət edilən gündən 10 gün müddətində çıxarılır.
10.5. Müavinət təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, müvafiq icra hakimiyyəti orqanları səbəblər göstərilməklə, müraciət edən şəxsə 5 gün müddətində rəsmi məlumat verir.
10.6. Müavinət təyinatından imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər.
10.7. Müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir.
10.8. Müavinət alan şəxsə verilməli olan və onun ölümü ilə əlaqədar alınmamış müavinət məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir.

Maddə 11. Müavinətlərin ödənişinin dayandırılması

11.1. Müavinətlərin ödənişi bu qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır:
11.1.1. dövlət qulluqçularına ömürlük müavinət - dövlət qulluqçusu yenidən dövlət qulluğuna qəbul edildikdə;
11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda;
11.1.3. əlilliyə görə müavinət - şəxs əmək pensiyası hüququ qazandıqda;
11.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət-şəxs əmək pensiyası hüququ qazandıqda;
11.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda;
11.1.6. 3 yaşınadək uşağa qulluğa görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqda;
11.1.7. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) ləğv edildikdə.
11.2. Müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və bu qanunun 11.1.1 - 11.1.6-cı maddələrində göstərilən hallarda müavinətlərin ödənişi qanunvericiliyə uyğun olaraq həmin halın yarandığı gündən, digər hallarda isə növbəti ayın 1-dən dayandırılır.

Maddə 12. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə, müavinət alan şəxsin məlumat vermək vəzifəsi 

12.1. Bu qanunun 11-ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə, müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur.
12.2. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

Maddə 13. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 14. Qanunun qüvvəyə minməsi

Bu qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 7 fevral 2006-cı il
№ 55-IIIQ

13 iyun 2008-ci ilədək edilən əlavə və dəyişikliklərlə.

Bizimlə əlaqə

+994 12 000 00 00

adra-hik@atiahi.org

Azərbaycan

© 2022 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo